Turizmdə marketinqin məqsədi və əsas anlayışları
Turizmdə marketinqin məqsədi və əsas anlayışları
“Marketinq“ sözü ingilis sözündəki market (bazar) sözündən əmələ gəlmişdir və onun mənası bazar fəaliyyəti, daha doğrusu bazar fəaliyyətinin öyrənilməsi deməkdir. Lakin bu anlayış “marketinq“ sözünün mahiyyətini bütövlüklə açmır, çünki “marketinq“ sözü özü – özlüyündə daha geniş məna daşıyır və iqtisadi anlayış kimi daha çox sahəlidir.
Hər şeydən əvvəl “marketinq“ – iqtisadi bir prosesdir. Bu prosesi aydın təsəvvür etmək üçün “marketinq“ sözünün mənasını hərtərəfli izah etməyə ehtiyac duyulur. “Marketinq“ iqtisadi proses kimi istehsal olunan məhsulu istehlakçıdan alıcıya istiqamətləndirən fəaliyyətdir. Bu baxımdan “marketinq“ istehsalçı ilə istehlakçı arasında təmas yaradır, bununla da, xidmətlərin və malların satışını asanlaşdırır və əks əlaqə yaradır, bu isə alıcılara lazım olan malların istehsalına komək edir.
Marketinqin əsas prinsipi isə “ tələbatı tapın və ancaq alıcıya lazım olan malları və xidmətləri istehsal edin və tələbatı ödəyin ”. Deməli, “marketinq” bazarın potensial tərəfləri arasındakı (satıcılar və alıcılar) münasibətləri təkcə mallar və xidmətlər mübadiləsi ilə deyil, eyni zamanda informasiya mübadiləsi ilə də tənzimləyir. Məhsulun istehsalçılara artdıqca, marketinqə olantələbat da bir o qədər artırş Bu şəkildə qurulan bazar münasibətləri rəqabətli bazar iqtisadiyyatı adlanır.
Güclü inkişaf etmiş bazar münasibətləri marketinqin səmərəli fəaliyyəti üçün zəmin yaradır, bu isə istehsal ilə istehlak arasında sıx əlaqələrin yaranmasını təmin edir.
İstehsalat sahəsində yaradılmış marketinq, turizm sahəsində uzun zaman öz yerini tapa bilmirdi. Lakin turizm sahəsində tələb və təkliflərin artması, rəqabətin kəskinləşməsi və nəhayət, turizm bazarının formalaşması turizmdə marketinqin yaranmasına səbəb oldu. Eyni zamanda, göstərilən xidmətlərin növündən asılı olaraq turizmin özünə məxsus satış formaları var.
Bazar iqtisadiyyatında turizmin marketinqini etibarlı bir vasitə kimi istifadə etmək üçün turist müəssisələrinin rəhbərləri və mütəxəssisləri marketinqin metodologiyasını və konkret şəraitdə yaradıcı şəkildə mənimsəməlidirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, öyrənilən bu fənn turizm sahəsində ortaya çıxa bilən bütün suallara cavab vermək iqtidarında deyil. Bu onunla izah olunur ki, turizm fəaliyyəti çox mürəkkəb və dinamikdir. Ona çoxlu təsir göstərən daxili və xarici faktorlar var. Bu faktorlar özləri çox dəyişkəndirlər. “Marketinq” isə turizm sahəsində məqsədə çatmaq üçün təhlükəsiz yolları axtarır. Eyni zamanda “marketinq” yaradıcı prosesdir, onun bütün elementlərini qabaqcadan müəyyən etmək olmur.
Turizm öz spesifik xüsusiyyətlərinə görə xidmətlərin və malların (onların nisbəti (75:25) %-dir) satılmasında fərqlənir. Adi maların istehsalında marketinq anlayışı konkret xarakter və məzmun daşiyir. Turizmdə marketinq turist xidmətlərinin və mallarının istehsalı və satışı ilə nəticələnir. Turist məhsulu turistə göstərilən və qiyməti turist tərəfindən ödənilən müxtəlif xidmət növləridir. Bura mehmanxana, nəqliyyat, transfer, ekskursiya, əyləncə, qidalaanma və s. xidmət növləri aiddir.
Turist məhsuluna iki cür yanaşmaq olar. Dar çərçivədə – məsələn, konkret xidmət çərçivəsində, yəni mehmanxana və ya ayrıca nəqliyyat xidməti, bir də geniş çərçivədə. Geniş mənada turist məhsuluna kompleks şəklində yanaşırlar. Xidmətlərin turistə kompleks şəklində göstərilməsində turist səfəri ( tur poezdka ) və ya qısaca tur deyilir. Turist məhsuluna bu cür yanaşmada bütün xidmətlər bir “paketə ” toplanir və turist paketdə cəmlənən xidmətlərin hamısının haqqini bir dəfəyə putyovkanın ( turist səfərinin) qiyməti kimi ödəyir. Xaricdə buna “ pekidj – tur ” da deyirlər.
Turist məhsulunu başqa mallardan ayiran özünə məxsus xüsusiyyətləri var:
1) Turizm məhsuluna kompleks şəklində daxil olan komponentlər və onları istehsal edən müəssisələr bir – birilə mürəkkəb əlaqələrlə bağlıdır. Turist məhsulu alınan gəlirə və məhsulun qiymətinə görə elastikdir. Turizmdən əldə olunan gəlir və məhsulun qiyməti siyasi və sosial vəziyyətdən asılıdır.
2) Məhsulu alan turist, turist məhsulundan istifadə etməyincə onu görmür, ona görə də onu qiymətləndirə bilmir. Kobud desək, o turist məhsulunu “ gözü bağlı ” alır, onunla ancaq səfər zamanı tanış olmaq imkanı olur və səyahət bitdikdən sonra “ qiymət ” verə bilir. Turizmin xüsusiyyəti belədir ki, eyni turist mərkəzi, eyni turist səyahətinə müxtəlif səviyyələrdə (fəsillərdən asılı olaraq, qrupda olan başqa turistlərin xarakterindən, personalın əhval – ruhiyyəsindən və başqa müxtəlif faktorlardan asılı olaraq) xidmət göstərir.
3) Turizm məhsulu geniş mənada müxtəlif müəssisələrin gərgin əməyi ilə yaranır. Hər təşkilatın öz iş üslubu, öz xüsusiyyətləri və öz maraqları olur. Cüzi miqdarda nöqsan və ya səhv buraxılarsa, yüksək səviyyədə xidmət təşkil etmək mümkün olmur. Ona görə ki, turistlərə göstərilən xidmət belə xırda elementlərdən asılıdır. Turist xidmətlərinin keyfiyyətinə yerli əhali, qrupun tərkibi və nəhayət, fors – major hadisələr də təsir göstərir.
ÜTT təşkilatı turizmdə marketinqin funksiyalarını 3 hissəyə bölür: müştərilərlə təmasın qurulması, inkişaf və nəzarətdir. Müştərilərlə əlaqələrin yaranma məqsədi, onları inandırmaqdır ki, onlara təklif olunan turist məhsulu onların istədiyi və axtardığı məhsuldur. İnkişaf məhsulu irəlilətmək üçün yeni üsulların planlaşdırılmasıdır. Nəzarət isə görülən işlərə nəzarət etmək, buraxılan səhvləri düzəltmək və təhlil etmək məqsədini güdür.
Turizm xidmətlərinin öz spesifik xüsusiyyətləri var:
1) Turist xidməti özü – özlüyündə müştəriyə göstərilənə qədər mövcud deyil, yəni məhsul yalnız xidmət, göstərilən prosesdə yaranır. Göstərilən xidmətlər eyni zamanda göstərilməsinə baxmayaraq, bir – biri ilə rəqabət aparan iki firmanın göstərdiyi xidmətlərin keyfiyyətini müqayisə etməyə imkan vermir. Yalnız xidmətlər göstərildikdən sonra onları müqayisə etmək imkan vermir. Yalnız xidmətlər göstərildikdən sonra onları müqayisə etmək olar, halbuki, eyni maddi malları alınmamışdan əvvəl müqayisə etmək olar.
2) Əksər hallarda xidmətlərin göstərilməsi sifarişçilər tərəfindən çətin başa düşülə bilən və qiymətləndirilə bilən bilik və ustalıq tələb edir. Göstərilən xidmətin son dərəcədə qeyri – müəyyənliyi alıcını son dərəcədə qeyri – əlverişli vəziyyətə salır. Buna görə də, alıcı xidmət göstərən tərəfə inanmağa məcburdur.
Xidmətlərin çoxşaxəli olmasından asılı olmayaraq onların hamısının eyni xüsusiyyətləri də mövcuddur: onların hiss edilməməsizliyi, istehsalın və istehlakın fasiləsizliyi, keyfiyyətin dəyişkənliyi və qorunub saxlanıla bilinməməsi. Xidmətlərin hiss edilməməzliyi o deməkdir ki, onu qabaqcadan nümayiş etdirmək, görmək, sınamaq və tanış olmaq mümkün deyil. İstehsalın fasiləsizliyi isə o deməkdir ki, xidmət yalnız müştərinin olduğu halda göstərmək mümkündür. Bu da öz növbəsində turist xidmətlərini maların satışından ayıran xüsusiyyətdir.
İstehsal ilə istehlakın əlaqələrinin qırılmamazlığının labüd nəticəsi xidmət keyfiyyətinin dəyişkənliyidir. Xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə onun harada, nə zaman, nə vaxt və kim tərəfindən göstərilməsindən asılıdır.
Turist məhsulunun xarakterik xüsusiyyətlərindən biri də onun qorunub saxlanıla bilinməməsidir. Xidmət tələbatdan artıq olduqda gəlir azalır. Tələbat xidmətdən artıq olduqda isə, məhsul istehsal olunana qədər vəziyyəti dəyişmək mümkün deyil.